​Azərbaycanda beynəlxalq aktuar tədbiri keçiriləcək

​Azərbaycanda beynəlxalq aktuar tədbiri keçiriləcək Tədbirin sentyabrın sonunda Bakıda keçirilməsi planlaşdırılır
Maliyyə
22 Aprel , 2015 16:18
​Azərbaycanda beynəlxalq aktuar tədbiri keçiriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Beynəlxalq Aktuarlar Assosiasiyası Avrasiya və Orta Şərq Komissiyasının iclasının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Tədbirin bu il sentyabrın 28-29-da keçirilməsi planlaşdırılır. "Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bu gün Azərbaycanda ilk dəfə aktuar şəhadətnamələrinin təqdim edilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində bildirib. 

Onun sözlərinə görə, tədbirə 100-ə yaxın mütəxəssisin gəlməsi gözlənilir. Həmçinin Beynəlxalq Aktuarlar Assosiasiyasının prezidenti də tədbirə dəvət olunub və hələ təsdiqlənməsə də iştirakı gözlənilir: "Azərbaycan Aktuarlar Assosiasiyasının fəaliyyəti fəallaşır. Beynəlxalq Aktuarlar Assosiasiyası ilə müəyyən əlaqələr qurulur. Assosiasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanda keçirilən tədbirdən sonra daha da genişlənəcək"

Azərbaycan Aktuarlar Assosiasiyası Müşahidə Şurasının üzvü Xədicə Nəsirova isə bildirib ki, bu tədbir Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuar tədbiri olacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov qeyd edib ki, may ayından etibarən DSMF əməkdaşları üçün aktuar kurslarına başlanacaq. Bununla yanaşı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aktuar fakültəsinin yaradılması üçün danışıqlar aparılır və gələcəkdə bunn digər universitetlərdə də yaradılması mümkündür.

Qeyd edək ki, bu gün Bakıda 27 nəfərə aktuar şəhadətnaməsi təqdim olunub. Ümumilikdə şəhadətnamə üçün 2008-ci ildən indiyədək 200 namizəd mübarizə aparıb. Mərhələli şəkildə keçirilən seçimlərdən sonra namizədlərdən cəmi 10%-i şəhadətnaməni əldə edib.

Son xəbərlər

Orphus sistemi