Yuxarı

Azərbaycanda bank sektorunun inkişafı üzrə yeni qərarlar qəbul edilib

Palatada yeni təyinatlar olub

Bakı. 11 iyul. REPORT.AZ/ Qısamüddətli diaqnostik yoxlamaların nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq. 

Bu barədə "Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir. 

Palatanın Direktorlar Şurasının növbəti iclasında bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub. Beynəlxalq standartlara cavab verən yeni hesabatlığın məqsədi makro-iqtisadi mühitə və tədiyyə balansının tarazlığına, o cümlədən milli valyutanın məzənnəsinə təsir edən amillərin ətraflı araşdırması üçün məlumat bazasının genişləndirilməsidir. Palatanın mütəxəssisləri tərəfindən yeni hesabat formasının kommunikasiyası və bankların daxili informasiya texnologiyaları sistemlərinə inteqrasiyası məqsədilə bank ictimaiyyəti üçün xüsusi təlimlərin keçirilməsi barədə qərar qəbul edilib. Direktorlar Şurasının iclasında həmçinin cari ilin I yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib.

"I rübün nəticələrinə əsasən, bankların maliyyə göstəriciləri qiymətləndirilib və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilib, hər bir bank üzrə icra planları hazırlanıb. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunub. Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq", - deyə məlumatda qeyd olunub. 

Həmçinin, Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov baş icraçı direktorun müavini - Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar. Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi