Yuxarı

​Azərbaycanda aylıq inflyasiya kəskin artıb

DSK: Dekabrda ərzaq məhsulları 4,5%, qeyri-ərzaq məhsulları 7,1 %, əhaliyə xidmətlər isə 1,9% bahalaşıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq məhsullarının 7,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9% artıb. "Report"un Dövlət Statistika komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 4,4% yüksəlib.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, bananın, heyvanın, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, balqabağın, badımcanın, bibərin, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma, limonun, portağalın, naringinin, xurmanın, kələmin, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında, respublikadan kənara istirahət turlarında qiymətlər bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4% yüksəlib. Ərzaq məhsullarının qiymətləri bu ilin noyabrında 0,9% artıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi