​Azərbaycanda aylıq inflyasiya 0,1%-ə düşüb

​Azərbaycanda aylıq inflyasiya 0,1%-ə düşüb Oktyabr ayında ərzaq məhsulları 0,3% bahalaşıb
Maliyyə
10 Noyabr , 2015 10:50
​Azərbaycanda aylıq inflyasiya 0,1%-ə düşüb

Bakı. 10 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1% artıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, şəkər, toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, portağal, banan, xiyar, pomidor, badımcan, şirin bibər, soğan, sarımsaq, kartofun qiymətlərində bahalaşma, qoyun əti, limon, naringi, alma, armud, üzüm, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, balqabaq, göy lobya, çuğundur, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrda qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında ərzaq məhsulları 0,6 %, qeyri-ərzaq məhsulları 0,1 % bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərdə isə dəyişikliklər baş verməyib. Ümumilikdə, istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3% artıb.

Son xəbərlər

Orphus sistemi