Yuxarı

Azərbaycanda aylıq deflyasiya artıb

Azərbaycanda mayda 0,6% deflyasiya qeydə alınıb

Bakı. 9 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5% enib, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% artıb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6% düşüb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində buğda unu, balıq məhsulları, qoyun və toyuq əti, süd məhsulları, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, alça, çiyələk, kələm, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, kartof, soğan, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarması, yumurta, limon, portağal, naringi, banan, alma, armud, göyərti, çuğundur, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

May ayında qeyri-ərzaq mallarından parçalar, geyim, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları bahalaşıb, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğular isə ucuzlaşıb.

Hesabat ayında əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində azalma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə artım müşahidə olunub.

Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,5% artıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% isə düşüb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi