​Azərbaycanda auditorların göstərdiyi xidmətlərdə ciddi problemlər var

​Azərbaycanda auditorların göstərdiyi xidmətlərdə ciddi problemlər var Bakıda korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin rolu mövzusuna həsr olunmuş konfrans keçirilib
Maliyyə
30 Aprel , 2015 11:56
​Azərbaycanda auditorların göstərdiyi xidmətlərdə ciddi problemlər var
Vahid Novruzov

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən yerli auditorların göstərdikləri xidmətlər baxımından ciddi problemlər mövcuddur. "Report"un verdiyi xəbərə görə, Azərbaycan Auditorlar Palatasının (AAP) sədri Vahid Novruzov bu gün Bakıda "Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları" mövzusunda keçirilən konfransda çıxışında belə deyib.

Onun sözlərinə görə, bəzi auditorlar onların üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmirlər: "Son dövrlər Azərbaycanda "şəffaflıq mədəniyyəti" formalaşır. Bunun bariz nümunəsi kimi "ASAN Xidmət"i göstərmək olar. Auditoların göstərdikləri xidmətlərlə də bağlı bizə bəzən iradlar daxil olur və biz həmin iradları araşdırırıq".

V.Novruzov bildirib ki, konfransın keçirilməsində məqsəd korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin həllində auditin qarşısında duran vəzifələr, mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdən, Auditorlar Palatasının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığını gücləndirməkdən və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində auditorların öhdəliklərin tam yerinə yetirilməsinin davamlı təminatına nail olmaqdan ibarətdir.

Konfransda Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu və əhəmiyyəti, auditin keyfiyyətinin müasir vəziyyəti və onun yüksəldilməsi yolları, korrupsiyanın azaldılmasında daxili auditin rolu və əhəmiyyəti, vəzifələr və öhdəliklər, beynəlxalq audit təcrübəsində antikorrupsiya tədbirləri mövzularında məruzələr dinlənilib. Bildirilib ki, auditin korrupsiyanın azaldılmasında rolu şəffaflıq, hesabatlılıq, risklərin azaldılması, fırıldaqçılıq imkanlarının azaldılması, qanunvericiliyə əməl olunmasına nəzarət istiqamətləri ilə müəyyən olunur.

Tədbir AAP, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi