Yuxarı

​Azərbaycanda aparılacaq vergi islahatları ilə bağlı Tədbirlər Planı qəbul olunub

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 6 avqust. REPORT.AZ/ Vergilər Nazirliyində (VN) Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamında verilmiş tapşırıqların icrası ilə bağlı VN qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, iclasda çıxış edən nazir, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə e-bəyannamə və e-VHF sisteminin tətbiqi, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatı, sahibkarların elektron qeydiyyatı, elektron xidmətlərin sayının artırılması, e-auditin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib, ümumilikdə istər vergi qanunvericiliyinin, istərsə də vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə mühüm addımlar atılıb.

Ötən dövr ərzində görülən işlərin nəticəsində 2015-ci il ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 7118,2 milyon manat, o cümlədən neft sektorundan daxilolma 2089,9 milyon manat (29,4%), qeyri-neft sektorundan daxilolma 5028,3 milyon manat (70,6%) təşkil edib. 2016-cı ilin ilk yarımilliyi ərzində bu göstəricilər müvafiq olaraq 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artdığını göstərir.

F.Məmmədov qeyd edib ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2016-cı ilin birinci yarısında dərin iqtisadi islahatlar aparıldığını, ixracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün böyük güzəştlər tətbiq olunduğunu bildirib. Cənab Prezident nitqində ölkə iqtisadiyyatındakı real vəziyyəti təhlil edərək, vergi sahəsində də ciddi islahatlar aparıldığını, bunu insanların, iş adamlarının gördüyünü, vergi orqanları tərəfindən proqnozdan 2 faiz artıq vergi yığılmasının təmin edildiyini, bununla yanaşı büdcəyə daha çox vəsait toplanması üçün böyük ehtiyatların olduğunu qeyd edib və bu ehtiyatların aşkarlanması, aparılan vergi islahatları nəticəsində ilin sonuna qədər bu sahədəki vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Nazir dövlət başçısının imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamına toxunaraq bildirib ki, həmin Sərəncamla 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib. Bu sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə vəvergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir.

F.Məmmədov ölkə başçısının vergi islahatlarının həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, o cümlədən Sərəncamda müəyyən edilmiş islahatların həyata keçirilməsi üçün vergi orqanlarının fəaliyyət istiqamətlərinə uyğun tədbirlər planının təsdiq edilməsinə zərurət yarandığını vurğulayıb.

Kollegiya iclasında vergilər nazirinin müavinləri, o cümlədən struktur vahidlərinin rəhbərləri görülən işlər barədə məruzələrlə çıxış edib, Sərəncamdan irəli gələn məsələlərlə bağlı görülməli işlər ətrafında müzakirələr aparılıb, cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət müzakirə edilib.

Aparılan müzakirələrin nəticəsi olaraq VN-nin Kollegiyası tərəfindən prezidentin sərəncamında verilən tapşırıqların icrası ilə bağlı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planı” qəbul edilib.

Kollegiya iclasında yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov Tədbirlər Planından irəli gələn məsələlərin icrası, habelə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi