​Azərbaycanda aksiz markalarının hazırlanması ilə bağlı tender elan olunub

​Azərbaycanda aksiz markalarının hazırlanması ilə bağlı tender elan olunub Tender təklifləri mayın 24-dək Maliyyə Nazirliyinə təqdim olunmalıdır
Maliyyə
13 Aprel , 2016 09:39
​Azərbaycanda aksiz markalarının hazırlanması ilə bağlı tender elan olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Maliyyə Nazirliyi Azərbaycanda istehsal olunan və ölkə ərazisinə idxal olunan markalanmalı məhsullara tətbiq olunan aksiz markalarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə açıq tender elan edib. Bu barədə “Report”a Nazirliyin Tender Komissiyasından məlumat verilib.

Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə "CİP Baku" (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə Azərbasycana idxal olunan tütün məmulatlarına tətbiq edilən 700 mln. ədəd, ölkədə istehsal olunan tütün məmulatlarına tətbiq edilən 200 mln. ədəd, idxal olunan alkoqollu içkilərə tətbiq edilən 10 mln. ədəd, idxal olunan pivəyə tətbiq edilən 10 mln. ədəd, yerli istehsal olan alkoqollu içkilərə tətbiq edilən 50 mln. ədəd, ölkədə istehsal olunan etil (yeyinti) spirtinə tətbiq edilən 2 mln. ədəd və yerli pivəyə tətbiq edilən 150 mln. ədəd aksiz markalarının çapı təklif olunur.

Tender prosedurası mayın 25-də saat 10:00-da Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, otaq №319) keçiriləcək. Tenderdə iştirak etmək üçün iddiaçılar ərizə və İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi) təqdim etməlidir.

Tender təklifləri mayın 24-də saat 10:00-dək Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin “Aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır.

İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, aksiz markalarının (və ya analoji məhsulların) çapı sahəsində azı 5 il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməz.

Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap ediləcək aksiz markalarının nümunələrindən bir nüsxəni Tender Komissiyasına təqdim etməlidir.

Aksiz markaları qoruyucu elementlərə (o cümlədən, holloqrama) malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır.

Bundan əlavə, iddiaçı təklifin dəyərinin 5%-i həcmində bank təminatı təqdim etməlidir.

Aksiz markalarının hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2 000 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Son xəbərlər

Orphus sistemi