Yuxarı

Azərbaycan Vergilər Nazirliyində ​xarici ekspertlərlə görüş keçirilib

Mülki Məcəlləyə dəyişikliklərin edilməsi ilə bağlı aparılan müzakirələr dekabrın 12-dək davam etdiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Vergilər Nazirliyində Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə təkliflər layihəsinin beynəlxalq təcrübə və milli qanunvericilik nəzərə alınmaqla hərtərəfli araşdırılması və müvafiq rəyin hazırlanması məqsədilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. Bu barədə "Report"a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

İclasda Almaniya Əməkdaşlıq Təşkilatının (GIZ) mülki hüquq sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertləri - Vismar Universitetinin Şərq İnstitutunun tədqiqat üzrə direktoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi, professor Hans-Yoaxim Skram, Bremen Universitetinin sabiq professoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi Rolf Kniper də iştirak ediblər. 

Vergilər nazirinin I müavini Natiq Əmirov Azərbaycanda mövcud olan qanunvericilik bazasının ictimai münasibətlərin inkişaf sürətinə adekvat olaraq təkmilləşdirilməsi istiqamətində Mülki Məcəllənin fiziki və hüquqi şəxslərlə bağlı fəsillərinə müvafiq dəyişikliklərin edilməsinin zəruri olduğunu qeyd edib. İclasda Mülki Məcəllənin "Hüquqi şəxslər" fəslinin ümumi, məhdud məsuliyyətli cəmiyyətlər və kooperativlərlə bağlı hazırlanmış maddələrinin layihələri üzrə alman ekspertlərinin şərhləri dinlənilib və müzakirələr aparılıb. Gələcəkdə də bu sahələr üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsinin davam etdirilməsi, mövcud ictimai münasibətlər kontekstində uğurlu hesab olunan təcrübənin tətbiqi, fiziki və hüquqi şəxslərlə bağlı mülki qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə dəyişikliklər layihəsinin hazırlanmasının nəzərdə tutulduğu qeyd olunub.

Müzakirələr dekabr ayının 12-dək davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi