Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb

Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb Nazir: "İDB indiyədək Azərbaycan iqtisadiyyatına 1 mlrd. dollara yaxın investisiya yatırıb"
Maliyyə
18 Yanvar , 2017 14:39
Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İslam İnkişaf Bankının (IDB) vitse-prezidenti Sayed Aganın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İDB Qrupuna daxil olan digər institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb: "Azərbaycanda İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və İslam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verilir. Dövlət başçımız tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilib, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Nazir qeyd edib ki, İDB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb: "Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq davam etdiriləcək. Bankın özəl sektora, xüsusilə də real sektora investisiya yatırılması, iri müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətini genişləndirilməsi olduqca əhəmiyyətlidir".

İDB-nin vitse-prezidenti S.Ağa ölkəyə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnun olduğunu bildirib, Bankın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb: "Biz bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyik".

Görüşün sonunda Azərbaycan hökuməti ilə İDB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Sazişi (200 min dollar) imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi