Yuxarı

Azərbaycan və Çin qiymətli kağızlar sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

QKDK-nın nümayəndə heyəti Çində işgüzar səfərdədir

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə Çin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Report"un verdiyi xəbərə görə, bu memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla, əməkdaşlıq üçün çərçivəni, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.

Qeyd edək ki, sənəd Komitə sədrinin Çinə işgüzar səfəri çərçivəsində S.Qan ilə görüş zamanı imzalanıb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daim inkişaf etdiyi, maliyyə sektorunun əsas sahəsi olan qiymətli kağızlar sferasının qarşılıqlı əməkdaşlığa töhfə verdiyi diqqətə çatdırılıb. R.Aslanlı Azərbaycanda beynəlxalq standartlara uyğun, beynəlxalq kapital bazarlarına inteqrasiya olunmuş qiymətli kağızlar bazarının formalaşdığını və bu sahədə aparılan islahatlar sayəsində son illərdə uğurlu nəticələr əldə olunduğunu bildirib. Komitə sədri Çinlə ikitərəfli əlaqələrin gücləndirilməsi, maliyyə bazarlarına səmərəli nəzarət sisteminin təşkili və bu bazarlara dair effektiv məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıb.

Komitədən bildirilib ki, səfərin məqsədi Çinin qiymətli kağızlar bazarı ilə yaxından tanış olmaq, bu ölkənin müvafiq qurumları ilə məlumat mübadiləsinin artırılmasını təmin etmək və əməkdaşlıq çərçivəsini genişləndirməkdən ibarətdir.

Səfər çərçivəsində Çinin aparıcı fond birjasının rəhbərliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi