Yuxarı

Azərbaycan Tokioda ticarət obyekti alıb

Azərbaycan Dövlət Neft Fondu Yaponiya paytaxtında 435 mln. dollara Kirarito Ginza ticarət obyektini alıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Tokio şəhərində (Yaponiya) yerləşən və dəyəri 52,3 mlrd. yapon yeni (təxminən 435 mln. ABŞ dolları) təşkil edən "Kirarito Ginza" ticarət obyektini satın alıb.

"Report" xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd olunub ki, bu, ARDNF-in Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Ltd.” və “Orix Corporation” çıxış edib.

Bildirilib ki, "Kirarito Ginza" ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kv. metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiyada daşınmaz əmlaka qoyulmuş investisiya ilə bağlı bildirib ki, bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır.

Qeyd edək ki, 2015-ci il iyulun 1-nə ARDNF-in vəsaitlərinin ümumi həcmi 35 mlrd. dollar təşkil edib. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib.

Yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi