​Azərbaycan "Tax free"nin tətbiqinə başlayıb

​Azərbaycan "Tax free"nin tətbiqinə başlayıb Vergilər Nazirliyi ölkəyə səfər edən əcnəbi vətəndaşlar üçün "Tax free" şərtlərini açıqlayıb
Maliyyə
17 İyun , 2016 12:14
​Azərbaycan Tax freenin tətbiqinə başlayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi ölkəyə səfər edən əcnəbi vətəndaşlar üçün "Tax free" şərtlərini açıqlayıb. “Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, bunun üçün müştərilər ilk olaraq “Tax free” stikeri olan mağazalarda alış-veriş etməlidirlər.

Satıcı pasport məlumatları daxil etdikdən sonra müştəriyə 2 nüsxədə imzalanmış və möhürlənmiş "e-VHF"nı (elektron vergi hesab-fakturası) təqdim edəcək. "e-VHF"da digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği və ƏDV-nin qaytarılacağı son tarix göstərilir.

Müştəri “Tax free” stikeri olan mağazada mal aldıqda həmin imkanlardan istifadə etmək istədiyini bildirməli, daha sonra ƏDV-ni qaytarmaq hüququ verən elektron vergi hesab-fakturasının (e-VHF) doldurulması üçün satıcıya xarici vətəndaşlığı təsdiq edən pasportu təqdim etməlidir.

Müştəri Azərbaycanı tərk etdiyi zaman malı, "e-VHF"ni və pasportunu aeroportda yerləşən gömrük nəzarət buraxılış məntəqəsinə təqdim etməlidir.

ƏDV müştəriyə həm nağd, həm də nağdsız şəkildə qaytarıla bilər və ikinci halda bank rekvizitlərinin təqdim edilməsi anından 10 iş günü müddətində ödənilir.

Qaydalara görə, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, ixracı üçün lisenziya tələb edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara “Tax free” tətbiq edilmir.

Həmçinin, “Tax free” Azərbaycan vətəndaşlarına, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan və yaşı 14-dən aşağı olan şəxslərə aid edilmir.

Son xəbərlər

Orphus sistemi