Yuxarı

​Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır - YENİLƏNİB

AMB sədri Elman Rüstəmov: Bu il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmir

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyi məzənnə siyasəti sahəsində üzən məzənnəyə tam keçid üçün hazırlıq işləri görür. "Report"un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında iştirak edən AMB-nin sədri Elman Rüstəmov bəyan edib: "Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır".

E.Rüstəmov qeyd edib ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil: "Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə isə hazırda 2-3 əsas valyuta satan şirkət var - Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30% möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük".

AMB sədri əlavə edib ki, Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam edir. Fevralda həyata keçirilən milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 mlrd. dollardan çox valyuta satışı həyata keçirib.

E.Rüstəmov bildirib ki, dollarlaşma prosesinin aprel-may aylarında davam edəcəyi gözlənilir: "Lakin daha aşağı səviyyədə olacaq və səngiyəcək".

AMB başçısı qeyd edib ki, 2015-ci il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmir: "Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi