Yuxarı

Azərbaycan sığorta bazarının lideri dəyişməz qalıb

​Sığorta şirkətlərindən 16-da yığım, 15-də isə ödəniş artıb

Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri “PAŞA Sığorta” şirkəti olub. Şirkətin daxilolmaları bu iki ayda 26,1 mln. manat olub.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, sonrakı yerləri tutan “Atəşgah Sığorta”nın yığımları 11,2 mln. manat, “PAŞA Həyat"ın yığımları isə 8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “İpək Yolu Sığorta” (7,5 mln. manat) və “Atəşgah Həyat" (7,4 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 59%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 60,2 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (372,7 min manat), “Başak İnam” (282,6 min manat), “Amrah Sığorta” (210,7 min manat), “Azərqarant” (100,6 min manat) və “Günay Sığorta” (24,8 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 10 mln. manatdan çox, 5 şirkətdə 5-10 mln. manat arasında, 8 şirkətdə 1-5 mln. manat, 5 şirkətdə 0,5-1 mln. manat, 7 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta haqlarının artımı, 11-də isə azalması baş verib.

Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “PAŞA Sığorta” şirkətidir (4,78 mln. manat). Sonrakı yerləri "Atəşgah Sığorta" (2,29 mln. manat), “AXA-Mbask” (1,96 mln. manat), "Atəşgah Həyat" (1,94 mln. manat) və “Azərsığorta” (1,84 mln. manat) tutub. Ümumilikdə ödənişlərin təxminən 53%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 12,8 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (28,7 min manat), “Günay Sığorta” (11,0 min manat), “İpək Yolu Sığorta” (7,9 min manat), “Çartis Azərbaycan” (3,9 min manat) və “Azərqarant” (1,1 min manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 54 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 10-da ödənişlər 1 mln. manatdan çox, 4 şirkətdə 0,5-1 mln. manat, 8 şirkətdə 100-500 min manat, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi