Yuxarı

Azərbaycan sığorta bazarının 74%-i qeyri-həyat sığortasının payına düşüb

Qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə toplanmış sığorta haqlarının 326,4 mln. manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. Son bir ildə qeyri-həyat sığortası bazarı 0,7% artıb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 mln. manatı avtomobillərin icbari sığortası, 22,3%-i və ya 72,9 mln. manatı tibbi sığorta, 10,7%-i və ya 34,9 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortası, 8,7%-i və ya 28,3 mln. manatı kasko sığortası, 7,8%-i və ya 25,3 mln. manatı daşınmaz əmlakın icbari sığortası, 26,9%-i və ya təxminən 89 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

İl ərzində sığorta ödənişlərinin 71%-ni və ya 128 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilə nisbətən 0,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 mln. manatı tibbi sığorta, 26,1%-i və ya 33,4 mln. manatı avtomobillərin icbari sığortası, 18,5%-i və ya 23,7 mln. manatı kasko sığortası, qalan 14,4%-i və ya təxminən 19,6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib (2014-cü ildə - 39,7 manat).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi