Yuxarı

​Azərbaycan sığorta bazarı yanvarda 21% artıb

Ölkənin icbari sığorta bazarı isə 6% genişlənib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə ümumilikdə 76,3 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 mln. manat təşkil edib və bu, ötən ilin yanvarına nisbətən 29,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvarında 16,4 manat olub.

Yanvar ayında toplanmış sığorta haqlarının 83,3%-i və yaxud 63,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur. İcbarı sığorta növlərində yığım isə 12,7 mln. manat və yaxud bazarın 16,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 6,1% böyüyüb.

Ay ərzində ümumi ödənişin 76%-i və yaxud 10,2 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin yanvar ayı ilə müqayisədə 34,5% artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 3,2 mln. manat və yaxud ümumi bazarın 24%-ni təşkil edib. Bu da ötən ilin yanvarına nisbətən 15,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 16 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 14,8 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 23,1 manatdan 25,2 manata qalxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi