Yuxarı

​Azərbaycan sığorta bazarı ötən il 6% artıb

Bazarın 2/3-si könüllü sığortanın payına düşür

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti 2014-сü il ərzində təxminən 429,2 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2013-cü ilə nisbətən 5,8% çoxdur. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov ilin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, ötən il sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 157,1 mln. manat təşkil edib və əvvəlki ilin analoji göstəricisini 28% üstələyib: "Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş edilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub".

O.Bayramov bildirib ki, 2014-cü ildə sığorta haqlarının 66,3%-i və ya 284,7 mln. manatı könüllü sığortanın payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% manat çoxdur. 

ASA rəhbəri qeyd edib ki, icbari sığorta növlərində yığımlar isə 144,5 mln. manat və ya bazarın 33,7%-ni təşkil edib. Əvvəlki ilə nisbətən icbari sığorta bazarı 7,3% artıb: "Ötən il ümumi ödənişlərin 73%-i və ya 114,7 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər 35,1% artıb. İcbari sığorta növləri üzrə ödənişlər isə 11,9% artaraq 42,5 mln. manata çatıb".

O.Bayramov qeyd edib ki, hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,3 manat ödəniş həyata keçirilib. Bundan öncə isə bu göstərici 31,3 manat olub. İcbari sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,2 manatdan 29,4 manata qədər yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi