"Azərbaycan Sənaye Sığorta": Tibbi və kənd təsərrüfatı sığortası prioritetimizdir

"Azərbaycan Sənaye Sığorta": Tibbi və kənd təsərrüfatı sığortası prioritetimizdir Şirkətin İdarə Heyətinin sədri Uğur Çağlar "Report"a açıqlama verib
Maliyyə
27 Dekabr , 2016 10:08
Azərbaycan Sənaye Sığorta: Tibbi və kənd təsərrüfatı sığortası prioritetimizdir

Bakı. 26 dekabr. REPORT.AZ/ 2016-cı il Azərbaycan iqtisadiyyatı, o cümlədən ölkənin sığorta sektoru üçün çətin il olsa da, “Azərbaycan Sənaye Sığorta” ASC qarşısına qoyduğu məqsədlərə nail ola bilib. Bunu Şirkətin 20 illik yubileyi münasibəti ilə “Report”a açıqlamasında İdarə Heyətinin sədri Uğur Çağlar deyib.

Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta” ilk növbədə xərclərini azaltmağa çalışıb: “İşimizin səmərəliliyini artırmaq üçün xərclərimizi yenidən nəzərdən keçirdik. İnzibati, sığorta, eləcə də təkrarsığorta xərclərini azaltdıq. Təkrarsığorta sahəsində əməkdaşlıq etdiyimiz şirkətlərlə bir-bir görüşdük və onların təkrarsığorta tariflərini aşağı salmasına nail olduq. Bundan başqa, işimizin keyfiyyətini artırdıq”.

Həmçinin, Şirkət bu il gəlirlərini artırmaq istiqamətində də tədbirlər görüb. Bunun üçün tibbi və kənd təsərrüfatı sığortası prioritet seçilib. “Bu il tibbi sığortada yığımların artırılmasına xüsusi diqqət yetirdik. Hüquqi şəxs olan müştərilərimiz üçün tibbi sığorta məhsullarını yenilədik, müştəri məmnuniyyəti sorğuları keçirərək onların nəyə ehtiyac duyduqlarını öyrəndik. Son nəticədə il ərzində tibbi sığorta xidmətimizdən istifadə edənlərin sayı 40%, bu sahədən toplanan sığorta haqlarının həcmi isə 100% artdı. Bu işlər gələn il də davam etdiriləcək. Həmçinin, kənd təsərrüfatı sığortası ilə bağlı planlarımız böyükdür. Bu sahənin inkişafı Strateji Yol Xəritəsində də öz əksini tapıb. 5 ildir ki, aqrar sığorta ilə məşğuluq, sığorta hadisələrimiz olub, ödəniş etmişik, aqrar sahədə dəyə biləcək ziyanı qiymətləndirməyi bacaran mütəxəssislərimiz var, risk analizi edirik. Düşünürəm ki, 2017-ci ildə kənd təsərrüfatı sığortasında da ciddi nəticələrə, irəliləyişə nail olacağıq”, - deyə U.Çağlar qeyd edib.

Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta” həmçinin yük, eləcə də avtomobillərin icbari sığortası ilə bağlı da aktiv iş aparır: “Bir qədər əvvəl bu sahədə müqavilələrin elektron qaydada bağlanmasına başlanıb. Bu, icbari avtosığortada olduqca mühüm irəliləyişdir. Hazırda bu sahədə müştərilərimizə göstərdiyimiz xidmətin səviyyəsini artırmaqdayıq”.

U.Çağlar Azərbaycanda avtomobil sığortası ilə bağlı onu narahat edən məqamı da açıqlayıb: “Əsas problem nağd ödənişlərə üstünlük verilməsidir. Qanuna uyğun olaraq biz müştərilərə avtomobilin təmiri və yaxud təmir pulunun verilməsi təklif etdikdə, onlar nağd pulu götürməyə üstünlük verirlər. Amma müştərinin özünün maşını düzəltdirməsi ilə sığorta şirkətinin onu təmir etdirməsi eyni keyfiyyətdə olmaya bilər. Yaxşı olar ki, təmir məsələsi ilə birbaşa şirkətlər özləri məşğul olsun. Bu, həm ucuzluq, həm də keyfiyyət deməkdir”.

“Azərbaycan Sənaye Sığorta” rəhbəri onu da qeyd edib ki, “manatın devalvasiyası şəratində gələn il tibbi sığortada bahalaşma olacağı istisna deyil. Bazardakı vəziyyəti müştərilərimizə izah edəcəyik və tarifləri yəqin ki, indeksasiya edəcəyik”.

Son xəbərlər

Orphus sistemi