"Azərbaycan Sənaye Bankı" mənfəətini 12 dəfədən çox artırıb

"Azərbaycan Sənaye Bankı" mənfəətini 12 dəfədən çox artırıb Bu il iyulun 1-nə bankın cəmi aktivləri 632,158 mln. manat təşkil edib
Maliyyə
15 İyul , 2016 17:17
Azərbaycan Sənaye Bankı mənfəətini 12 dəfədən çox artırıb

Bakı. 15 iyul. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC mənfəətini 12 dəfədən çox artırıb.

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin iyulun 1-nə olan statistikaya əsasən, ASB-nin cəmi aktivləri 632,158 mln. manat təşkil edib. 

Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 30,16% çoxdur.

Son 1 ildə ASB-nin cəmi öhdəlikləri 33,67% artaraq 550,124 mln. manat, cəmi kapitalı isə 10,65% artaraq 82,034 mln. manat olub.

Bu ilin 1-ci yarısının yekununa görə, ASB-nin kredit portfeli 223,104 mln. manat təşkil edib. Bu, 1 illik müqayisədə 34,16% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 18,48% artaraq 7,778 mln. manat olub. Əvəzində problemli kreditlərin ümumi kredit portfelində payı 3,95%-dən 3,49%-ə düşüb.

İyulun 1-nə ASB-nin depozit portfeli isə 366,744 mln. manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 35,1% çoxdur. Əhalinin bankdakı əmanətləri isə 2,05 dəfə artaraq 281,302 mln. manat olub.

Bu ilin ilk 6 ayı ərzində ASB-nin faiz gəlirləri 9,32 mln. manat, faiz xərcləri 4,088 mln. manat, qeyri-faiz gəlirləri 4,248 mln. manat, qeyri-faiz xərcləri 3,985 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 5,494 mln. manat olub.

Bunun 972 min manatı mənfəət vergisi kimi ödənilib. Beləliklə, ASB 2016-cı ilin 1-ci yarısını 4,522 mln. manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, bank ötən ilin eyni dövründən 364 min manat xalis mənfəətlə çıxıb. Başqa sözlə, ASB mənfəətini 12,4 dəfə artırıb.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 94,2517%-i "Anadolu İnvestment Kompani" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MM-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi