"Azərbaycan Sənaye Bankı" birinci rübü mənfəətlə başa vurub

"Azərbaycan Sənaye Bankı" birinci rübü mənfəətlə başa vurub Bankın faiz gəlirləri 19% azalıb, faiz xərcləri isə 33% artıb
Maliyyə
20 Aprel , 2016 12:01
Azərbaycan Sənaye Bankı birinci rübü mənfəətlə başa vurub

Bakı. 20 aprel. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" (ASB) ASC cari ilin yanvar-mart aylarında 3 227,59 min manat həcmində mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan 554,4 min manat məbləğində vergi ödənişi həyata keçiriləndən sonra Bankın xalis mənfəəti 2 673,19 min manat təşkil edib. Qeyd edək ki, 2015-ci ilin birinci rübünü Bank 1 960,18 min manat zərərlə başa vurub.

Cari ilin ilk rübündə ASB-nin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 75,5% artaraq 6 726,22 min manat, xərcləri 10,7% artaraq 4 067,51 min manata çatıb.

Faiz gəlirləri 19% azalaraq 4 785,86 min manata enib. Faiz gəlirlərinin 2 661,6 min manatı kredit üzrə faizlərin payına düşüb. Faiz xərcləri 32,9% artaraq 2 103,75 min manata yüksəlib. Faiz xərclərinin 1 335,13 min manatı depozitlər üzrə faiz xərcləri olub. Hesabat dövründə Bankın xalis faiz mənfəəti 37,99% azalaraq 2 682,11 min manata enib.

Cari ilin I rübündə ASB 1 940,66 min manat qeyri-faiz gəliri əldə edib. Ötən ilin eyni dövründə bu göstərici -2 076,93 min manat olub. Qeyri-faiz xərcləri isə hesabat dövründə 6% azalaraq 1 963,76 min manata enib.

Beləliklə, 2016-cı ilin ilk rübündə Bankın qeyri-faiz zərəri 23,1 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə xalis zərər 167,02 min manat olub. Belə ki, bankın qeyri-faiz gəlirləri - 2 076,93 min manat, qeyri-faiz xərcləri 2 090,09 min manat həcmində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi