Yuxarı

Azərbaycan sabahdan yeni hesabatlılıq sisteminin tətbiqinə başlayır

Azərbaycan sabahdan yeni hesabatlılıq sisteminin tətbiqinə başlayır

2804

Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub

Bakı. 30 iyun. REPORT.AZ/ İmzalanmış bəyanata əsasən, Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard - CRS) tətbiqinə 1 iyul 2017-ci il tarixindən başlanılır. İyulun 1-nə qədər maliyyə institutlarında mövcud olan hesablar “əvvəlcədən mövcud olan hesablar” sayılır. 

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə deyib.

Z.Fətizadənin sözlərinə görə, standartın tətbiqinə başlanılan tarixdən “əvvəlcədən mövcud olan hesablar”ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcək: “İyulun 1-də və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə “yeni hesab” sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq. Qeyd olunan anket maliyyə institutları tərəfindən hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq. CRS-ə uyğun olaraq, Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub”.

Nazirlik rəsmisi qeyd edib ki, maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiyası əsasında aparılır: “Bu standart 2014-cü ildə OECD tərəfindən hazırlanıb. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir. Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlət tərəfindən digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək digər dövlətə göndərilməsini nəzərdə tutur. Yeni standarta əsasən, konvensiyaya üzv olan dövlətlərin səlahiyyətli orqanları “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”nı imzalamaqla, mübadiləni orada qeyd olunmuş vahid formatda aparmaq barədə razılıq əldə edirlər. Razılaşma 2014-cü ildə Berlində imzalanmaya açıq elan olunub və indiyədək 101 dövlətin səlahiyyətli orqanı həmin sənədə qoşulub. Razılaşmaya qoşulan səlahiyyətli orqanlardan bir qismi 2017-ci ildə, digər qismi isə gələn ildən başlayaraq məlumat mübadiləsinin CRS-ə uyğun aparılmasına hazır olduqlarını bəyan edib. Mübadiləyə hələ hazır olmayan isə, əsasən, bunun üçün lazımi daxili qanunvericilik və elektron infrastruktura malik olmayan dövlətlərdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi