Yuxarı
    Bağlamaq

    Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olundu

    “Fiç Reytingz” beynəlxalq kredit agentliyi Azərbaycanla bağlı proqnozu açıqlayıb

    Bakı. 13 mart. REPORT.AZ/ 13 mart 2015-ci il tarixində “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.

    Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə neqativ təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcəkdir.

    Beləliklə, agentlik belə qənaətə gəlir ki, çevik fiskal və monetar siyasət xarici valyuta ehtiyatlarının azalmasının əhəmiyyətli dərəcədə qarşısını alacaq.

    Qeyd olunanlarla yanaşı, “Fiç Reytingz” maliyyə davamlılığını təmin edəcək əlavə tədbirlərin və ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində daha təsirli addımların atılmasını ölkənin gələcək reytiqinə müsbət təsir göstərəcək əlavə faktorlar kimi qiymətləndirir.

    Aparıcı beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin bir daha təsdiqi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə icması tərəfindən etimadın yüksək olaraq qalmasının əyani sübutudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi