​Azərbaycan Hesablama Palatasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

​Azərbaycan Hesablama Palatasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb Görüşdə hazırlanan tvininq layihəsinin texniki sənədləri və sonuncu hesabat ətrafında fikir mübadiləsi aparılıb
Maliyyə
17 İyun , 2015 17:25
​Azərbaycan Hesablama Palatasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda səfərdə olan Avropa İttifaqı və İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən birgə maliyyələşdirilən SIGMA (Support for Improvement in Governance and Management – İdarəçilik və idarəetmədə təkmilləşməyə dəstək) layihəsinin baş müşaviri Daniel İvarssonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

“Report” Hesablama Palatasına istinadən bildirir ki, görüşdə hər iki tərəf üçün xüsusi maraq doğuran dövlət satınalmaları və onların auditi mövzusu ətrafında müzakirələr aparılıb. SIGMA nümayəndəsi seminarda formalaşmış yekun fikirləri səsləndirməklə yanaşı, sözügedən sahənin təkmilləşməsi ilə bağlı mövcud problemlər və bu problemlərin həll yolları, əldə edilmiş nəticələrin satınalma prosesinin bütün mərhələlərinə (planlaşdırma, smetaların hazırlanması, tenderlərin keçirilməsi, müqavilələrin icrası, kənar və daxili audit) tətbiq edilməsi imkanları barədə danışıb.

V.Gülməmmədov qarşı tərəfə Palata tərəfindən dövlət satınalmaları ilə əlaqədar keçirlən auditlərindən qazanılmış təcrübəyə əsaslanmaqla kənar dövlət maliyyə nəzarətini həyata keçirən Palatanın mövqeyi və bu sahədə normative-hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təqdim edilmiş təkliflər üzrə aparılan sistematik iş barədə məlumat verib.

Görüşdə Hesablama Palatasının Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində hazırlanan tvininq layihəsinin texniki sənədləri, dövlət maliyyə idarəçiliyinin qiymətləndirilməsinə yönəlmiş sonuncu hesabat ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SIGMA layihəsinin təmsilçiləri Hesablama Palatası ilə qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq imkanını yüksək qiymətləndirdiklərini və bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi