​Azərbaycan "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklikləri təsdiq edib

​Azərbaycan "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklikləri təsdiq edib Fond bazarı iştirakçılarına verilən lisenziyalarla bağlı qaydalar dəyişdirilir
Maliyyə
15 May , 2015 13:37
​Azərbaycan Qiymətli kağızlar bazarı haqqında qanuna dəyişiklikləri təsdiq edib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsi Azərbaycanda investisiya qiymətli kağızlarının buraxılışı, dövlət qeydiyyatı, kütləvi təklifi, depozitar və ticarətsonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülü, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkili, idarə edilməsi və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, Mərkəzi Bank dövlət maraqları üçün investisiya şirkəti fəaliyyəti üzrə xüsusi razılıq olmadan öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatları həyata keçirmək hüququna malikdir.

Layihədə olan yeniliklərdən biri də odur ki, qiymətli kağızlar ticarəti yalnız elektron formada aparılacaq. Qanun layihəsi bazarın tənzimlənməsi prosesini sistemləşdirir və sadələşdirir.

Bu sənədin qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış şəxslərin fəaliyyətinə bu qanun qüvvəyə mindiyi tarixdən etibarən dekabrın 1-dək verilmiş lisenziyalar qüvvədə qalır.

Qanun qüvvəyə mindiyi tarixdən əvvəl fond birjası fəaliyyətinə lisenziya almış şəxslər bu qanun qüvvəyə mindiyi tarixdən etibarən 2015-ci il dekabrın 1-dək öz fəaliyyətini bu sənədlə müəyyən edilmiş tələblərə uyğunlaşdırmalıdır.

Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl klirinq fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları yeni qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur.

Əvvəl depozitar fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları da bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur və onlar 2015-ci il iyulun 1-dək saxladıqları sənədsiz qiymətli kağızları mərkəzi depozitara təhvil verməlidir. Bu qayda, həmçinin qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərə və səhmdarların reyestrini aparan səhmdar cəmiyyətlərə aiddir.

Müzakirələrin yekununda millət vəkilləri sənədin təsdiqlənməsi lehinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi