Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı fərman imzalayıb

    Sənəd Azərbaycan Beynəlxalq Bankında dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanmasını nəzərdə tutur

    Bakı. 15 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

    "Report"un verdiyi xəbərə görə, fərmanda deyilir ki, Maliyyə Nazirliyi və Mərkəzi Bank 15 gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus bank olmayan kredit təşkilatı - “Aqrarkredit” QSC-nin idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.

    Aktivlərin “Aqrarkredit” tərəfindən alınması və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin ediləcək.

    Fərmana əsasən, “Aqrarkredit” tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri Azərbaycan Beynəlxalq Bankından aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır.

    “Aqrarkredit” fərmana uyğun olaraq alınmış aktivləri idarə edərkən ABB-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə edəcək və həyata keçirəcək.

    Bundan başqa, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görəcək.

    Tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin edəcək.

    Eyni zamanda aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu fərmanın 2.1-ci bəndinə (aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir)əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirəcək.

    Fərmanda Maliyyə Nazirliyinə tapşırılır ki, “Aqrarkredit” tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinə dair Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmış təkliflərini 15 gün müddətində Prezidentə təqdim etsin.

    Bundan başqa, fərmanda nəzərdə tutulmuş vəzifələrin “Aqrarkredit” tərəfindən yerinə yetirilməsinə nəzarəti təşkil etsin, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə “Aqrarkredit” tərəfindən alınan aktivlərin idarə edilməsi zamanı həmin aktivlər üzrə borc tələbi girov qoyulmuş əmlaka yönəldildiyi halda, həmin əmlakın istifadə istiqamətlərinin ölkə iqtisadiyyatının inkişaf prioritetləri ilə uzlaşdırılması üzrə tədbirlər görsün.

    Həmçinin ABB-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə ABB tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görmək tapşırılıb.

    Fərmanda restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Əmlak Məsələləri Dövlət Komitəsinin və AMB-nin rəyləri nəzərə alınmaqla ABB-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırlıb.

    Həmçinin,ABB-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu fərmanla “Aqrarkredit”in idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, ABB tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırsın, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb.

    Fərmanla Mərkəzi Banka tapşırılır ki, “Aqrarkredit” tərəfindən emissiya edilmiş istiqrazların satın alınması və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirsin, ABB-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etsin.

    Nazirlər Kabinetinə isə “Aqrarkredit” tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi