​Azərbaycan parlamenti Elman Rüstəmovun yenidən Mərkəzi Bankın rəhbərliyinə namizədliyini ilkin olaraq təsdiq edib - YENİLƏNİB

​Azərbaycan parlamenti Elman Rüstəmovun yenidən Mərkəzi Bankın rəhbərliyinə namizədliyini ilkin olaraq təsdiq edib - YENİLƏNİB Bu məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında müzakirə olunaraq qəbul edilib
Maliyyə
1 Aprel , 2015 16:51
​Azərbaycan parlamenti Elman Rüstəmovun yenidən Mərkəzi Bankın rəhbərliyinə namizədliyini ilkin olaraq təsdiq edib - YENİLƏNİB

İlk xəbər saat 14:01-də verilib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun yenidən AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinə dair rəy bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunaraq qəbul edilib.

"Report" xəbər verir ki, iclasda iştirak edən AMB sədri E.Rüstəmov yenidən namizədliyini Milli Məclisə təqdim edən prezidentə və bu rəyi təsdiqləyən parlamentə minnətdarlığını bildirib. O, öz fəaliyyəti haqqında məlumat verərək fəaliyyəti dövründə artıq bank qanunvericiliyinə 3 dəfə dəyişiklik edildiyini, onun Avropa İttifaqı ölkələrinə tövsiyə edilən qanunlara cavab verdiyini xatırladıb.

E.Rüstəmov cəmi 10 mln. dollar valyuta ehtiyatı, adambaşı isə 1 dollar valyuta ehtiyatı ilə fəaliyyətə başladıqlarını və hazırda AMB-nin valyuta ehtiyatlarının adambaşına 1000 dollar, dövlətin ümumi ehtiyatlarının adambaşına 5 000 dollar olduğunu qeyd edib.

AMB sədri Azərbaycanda sıfırdan, hətta mənfidən başlayaraq müasir əlamətlərə malik bank sisteminin qurulduğunu deyib: "Əlbəttə, mən tam müasir bank sistemi demirəm, çünki hələ bank sistemində ciddi təkmilləşmələr aparmağa ehtiyac var. Müasir bank sistemi bizim üçün hədəfdir və biz buna doğru gedirik".

Bundan başqa, komitənin iclasında Xəqani Abdullayevin də AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə edilib.

Qeyd edək ki, İqtisadi siyasət komitəsinin bügünkü iclasında həmçinin "Qiymətli kağızlar bazarı haqqında", "Mülki Məcəlləyə dəyişikliklərin edilməsi haqqında" və Beynəlxalq dəmir yolu daşımaları haqqında Konvensiyaya (KOTİF) qoşulmaq barədə qanun layihələri müzakirə olunub. Müzakirələrdən sonra dəyişikliklər deputatlar tərəfindən müsbət qiymətləndirilərək plenar iclasa tövsiyə olunub.

Xatırladaq ki, parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi