Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional vitse-prezidentini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional vitse-prezidentini qəbul edib Dünya Bankı Azərbaycanla əməkdaşlığı Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcək
Maliyyə
4 Noyabr , 2014 18:45
Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional vitse-prezidentini qəbul edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanla əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, həmçinin DB-nin texniki və maliyyə dəstəyinin nəticələri, cari il üzrə ən son makroiqtisadi inkişaf, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəlində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıq və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.

Görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici iqtisadi mövqeyi, AMB-nin pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.

Cari ildə və ortamüddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov həmçinin “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırıb. Görüşdə qeyd olunub ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir. Əldə olunan inkişaf uğurlarının ölkənin beynəlxalq iqtisadi imicini daim yaxşılaşdırdığını qeyd edərək E.Rüstəmov beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın iqtisadi inkişafına dair açıqlanan hesabatlara toxunub və bildirib ki, “Doing Business-2015” hesabatına əsasən, Azərbaycan 8 pillə irəliləyərək 80-ci yerdə, Qlobal Rəqabətlilik Hesabatı üzrə isə 1 pillə irəliləyərək 38-ci yerdə qərarlaşıb.

DB-nin nümayəndə heyətinin rəhbəri ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni strategiyası çərçivəsində seçim yönümlü yeni model – Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcəyini bildirib. L.Tak DB tərəfindən aparılmış Azərbaycan üzrə Sistematik Ölkə Diaqnostikası barədə məlumat verərək, diaqnostikanın nəticələri əsasında yeni ÖTÇ-nin hazırlanacağını bildirib.

Görüşdə həmçinin, Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi