​Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional direktorunu qəbul edib

​Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional direktorunu qəbul edib Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Maliyyə
17 Fevral , 2016 18:27
​Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional direktorunu qəbul edib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən "Report"a bildirilib ki, görüş zamanı DB-nin ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı fikrilərini bölüşüb. Sədr bildirib ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib. Ölkədə ortamüddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca əsaslanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkənin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri xanım M.Tembon ölkənin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atılan addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklyuziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğulayıb. Qonaq ölkənin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib.

Qeyd olunub ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inkluziv və dayanıqlı iqtisadi artımı, qeyri-neft sektorunun inkişafı üçün mühüm dəstək olacaq. Sənədin Azərbaycanın orta və uzunmüddətli strateji baxışına söykəndiyini qeyd edən xanım Tembon hazırkı mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımi dəstək verəcəyini əminliklə vurğulayıb.

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi