Yuxarı

​Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirilib

Parlament Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında qanuna əlavə və dəyişiklikləri təsdiq edib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilib, yeni öhdəliklər müəyyənləşdirilib. Bununla bağlı bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un verdiyi xəbərə görə, qanunun 10.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, AMB-nin kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.

Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur".

Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Müzakirələrin yekununda qanun layihəsi yekdilliklə qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi