​Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,5%-ə qaldırıb

​Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,5%-ə qaldırıb Avqustun 8-dən uçot dərəcəsinin 2,5% artırılması barədə qərar qəbul olunub
Maliyyə
5 Avqust , 2016 13:15
​Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,5%-ə qaldırıb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-dən uçot dərəcəsinin 2,5 faiz bəndi artırılması barədə qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir: "Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir. Cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq etmiş və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaratmışdır. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar etmişdir. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlamışdır".

Cari il və ortamüddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq AMB pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. AMB-nin İdarə Heyəti 2016-cı il avqustun 8-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

"Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq", - deyə qurumun açıqlamasında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi