Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb - YENİLƏNİB-2

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb - YENİLƏNİB-2 AMB uçot dərəcəsini 3%-dən 5%-ə qaldırıb
Maliyyə
15 Fevral , 2016 09:47
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb - YENİLƏNİB-2

İlk xəbər saat 09:28-də verilib

Bakı. 15 fevral. REPORT.AZ/  Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb.

***

Xatırladaq ki, 2012-ci il dekabrın 10-dan etibarən Azərbaycanda uçot dərəcəsi 5,25%-dən 5%-ə endirilib. Daha sonra azalma davam edib və 2015-ci il iyulun 13-də uçot dərəcəsi 3,5%-dən 3%-ə salınıb.

Qeyd edək ki, uçot dərəcəsi ən yüksək həddə 2008-ci il iyunun 8-də - 15%-ə çatdırılıb və bu norma həmin ilin oktyabrın 13-dək qüvvədə olub. Ən aşağı hədd isə 2% təşkil edib və 2009-cu il mayın 24-dən 2010-cu il oktyabrın 31-dək qüvvədə olub.

***

Məlumatda bildirilir ki, bu qərar makroiqtisadi göstəricilərin proqnozuna və ortamüddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib: "AMB bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcək".

"AMB tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər. Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşayiət olunur", - deyə Bankdan bildirilib.

Həmçinin qeyd olunur ki, valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərir.

Son xəbərlər

Orphus sistemi