Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Mərkəzi Bankı problemlə üzləşmiş banklara kömək edəcək

    Elman Rüstəmov: Belə bir vaxtda bankları köməksiz buraxmaq düzgün olmazdı

    Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın devalvasiyasından sonra problemlərlə üzləşmiş kommersiya banklarına kömək edəcək. "Report"un məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib: "Bütün bankların problemləri nəzarətdədir. Lazım gəlsə, kömək edəcəyik. Bu və digər formada bu kömək göstərilir".

    E.Rüstəmov qeyd edib ki, belə bir vaxtda bankları köməksiz buraxmaq düzgün olmazdı. Həmçinin AMB sədri banklara müraciət edərək onları müştərilərə müəyyən güzəştlər etməyə çağırıb.

    "Biz banklara tövsiyə etmişik ki, kreditlərin restrukturizasiyasını - müddətin uzadılmasını həyata keçirsin, mümkün qədər faizləri aşağı salsınlar və onlar da buna gedir. Bu onların özlərinin də marağındadır, yoxsa bu kreditlər problemli kreditlərə çevrilə bilər. Əgər 15-20%-lə kredit vermisənsə, deməli, kifayət qədər gəlirlilik var, faizi 1-2% aşağı salmaq, müddətini uzatmaq mümkündür. Mərkəzi Bank daim sahəyə nəzarət edir, sistemin təhlilini aparır və görürük ki, bu proses artıq gedir. Hər kəs kreditini müqavilə öhdəliyində nə yazılıb o formada da ödəməlidir", - baş bankir vurğulayıb.

    E.Rüstəmov əlavə edib ki, Dövlət Neft Fondunun valyuta bazarına qayıdacağı və büdcəyə transfertlərini davam etdirəcəyi gözlənilir.

    AMB rəhbəri ölkədə bank xidmətləri göstərən poçt şöbələrinin sayının daha da artacağını xəbər verib: "Hazırda ölkədə 1 000 belə şöbə mövcuddur. Gələcəkdə daha 2-3 min şöbənin açılması planlaşdırılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi