Yuxarı

​Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına göstəriş verib

Mərkəzi Bank bütün banklara bu şənbə-bazar günləri işləməsini tapşırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının qarşıdakı şənbə-bazar günlərində (fevralın 21-22-də) işləməsi ilə bağlı tapşırıq verib.

Bank dairələrindən "Report"a verilən məlumata görə, bununla bağlı AMB tərəfindən bütün banklara müvafiq məktub göndərilib. Mərkəzi Bank tərəfindən banklara ünvanlanan məktubdakı tapşırıq həm paytaxt, həm də regional mərkəzlərə aiddir. 

Kommersiya banklarından "Report"a bildirilib ki, bu, əsasən xəzinədarlıq və əməliyyatçılara aiddir. Qeyd edək ki, Azərbaycanda bir sıra banklar şənbə günü bir neçə filialla fəaliyət göstərsə də, bazar günü onlar üçün qeyri-iş günüdür.  

Azərbaycan Beynəlxalq Bankından da məlumatı təsdiqləyiblər və bildiriblər ki, müştərilərin bank xidmətlərinə artan tələbatın yüksək səviyyədə təmin edilməsi məqsədilə fevralın 21-22-də ABB-nin bütün filialları adi iş rejimində müştərilərə xidmət göstərəcək.

Bank mütəxəssislərinin fikrincə, AMB-nin bu göstərişi son günlər nağd valyuta bazarında ABŞ dollarına artan tələbatın dolğun təmin olunmasının təşkil edilməsi və valyuta mübadiləsi məntəqələrində alış-satış məzənnəsinin artımının qarşısının alınması məqsədilə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi