Yuxarı

Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır

Samir Əliyevin fkrincə, AMB hər ay 3-4%-lik devalvasiyaya getməlidir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kəskin devalvasiyanın qarşısını almaq üçün hər ay milli valyutanın təxminən 3-4% ucuzlaşmasına qərar verməlidir. "Report" xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.

S.Əliyevin fikrincə, devalvasiya zamanı valyuta axını ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir: "Ötən devalvasiya vaxtı Mərkəzi Bank yumşaq devalvasiyaya getmək istəsə də, bu yalnız ilk bir neçə gündə mümkün oldu. Sonra təzyiq onları başqa addım atmağa məcbur edib. Apardığımız araşdırmalar göstərir ki, əhalidə yalnız on minlərlə valyuta var. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dövlət qurumlarının bir çoxu xaricdən kreditlər alıb və onlar krediti qaytarmaq üçün bazardan dollar əldə etməlidir".

AMB-nin üzən məzənnə siyasətinə keçməsinin riskli olduğunu deyən iqtisadçı Mərkəzi Bankın milli valyutanın məzənnəsinin sabit saxlanılması üçün təkcə avqust ayında 1 mlrd. dollardan çox xərclədiyinin ehtimal edildiyini deyib: "Manat axına keçsə, 1 dolların 2-3 manata qədər bahalaşa biləcəyi riski böyükdür. Bu baxımdan hesab edirəm ki, hökumətin hələlik bu addımı atmaması normaldır".

S.Əliyev ölkədə işçi ixtisarının olacağı təqdirdə, bunun əsasən tikinti sektoru və muzdlu əmək tətbiq edilən digər sahələrdə ola biləcəyini vurğulayıb: "Büdcədə yaranan kəsirləri azaltmaq üçün mütləq investisiya xərcləri azaldılmalıdır. Necə ki, 2009-cu ildə bu addım atılıb. Bu isə büdcədən maliyyələşən tikinti şirkətlərində ixtisarlara gətirib çıxara bilər. Həmçinin, muzdlu işçilərin çalışdığı sahələrdə də ixtisarlar olacaq. Araşdırmalar göstərir ki, muzdlu işçilərin 70%-i büdcə təşkilatları və dövlət sektorunda çalışır. Bu isə gələcəkdə həmin sahələrdə ixtisarları qaçılmaz edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi