Yuxarı

Azərbaycan Mərkəzi Bankı dollar qıtlığı ilə bağlı bəyanat yayıb

AMB: Yeni ehtiyacların ödənilməsi üçün kifayət qədər valyuta ehtiyatı mövcuddur

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həm nağd, həm də nağdsız valyuta üzrə kommersiya banklarının tələbatı tam təmin olunduğu və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatının mövcudluğu haqqında bəyanat yayıb. 

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirir.

"Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcək. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir", - xəbərdə qeyd olunub.

AMB-nin bu bəyanatı son günlər bəzi KİV-lərdə bazarda xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi ilə bağlı yayılan məlumatlara görə yayıb.

Xatırladaq ki, avqustun 21-də ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0479 AZN/USD, avronun məzənnəsi isə 1,1814 AZN/EUR səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, bu gün, avqustun 22-də əksər mübadilə məntəqələri artıq səhər saatlarında nağd dolların satışını dayandırıb. Müşahidəçilər bunu kommersiya banklarının AMB-nin bazar ertəsi, avqustun 24-ü üçün müəyyənləşdirəcəyi rəsmi məzənnələri gözləməsi ilə əlaqələndirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi