Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb Bu göstəricinin ilin son rübündə artması proqnozlaşdırılır
Maliyyə
9 Oktyabr , 2017 16:53
Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan manatının real effektiv məzənnəsi bu il sentyabrın 1-nə 92,2 bənd təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,9 faiz bəndi azdır. 

Son 1 ildə isə real effektiv məzənnə 5,2 faiz bəndi artıb.

Sözügedən göstəricinin sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət partnyoru ölkələrin milli valyutalarının - Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının məzənnəsinin ABŞ dolları qarşısında ciddi dəyişikliyə məruz qalmamasıdır. Bununla belə, Çin, Rusiya və Türkiyədə dolların bu ay ucuzlaşması manatın real effektiv məzənnəsini artıra bilər. 

Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə - 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-də - 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub. 

Real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Sentyabr ayında real effektiv məzənnədə ciddi dəyişiklik gözlənilmir. İlin son rübündə isə real effektiv məzənnədə artım ola bilər. 

Son xəbərlər

Orphus sistemi