Yuxarı

​Azərbaycan Maliyyə Monitorinq Xidməti daha 3 nəfərin adını "qara siyahı"ya əlavə edib

Siyahı aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin 10 dekabr 2015-ci il tarixində qəbul edilmiş qərarlarına uyğun olaraq bu gün ümumi siyahını yeniləyib. "Report"un Xidmətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, siyahıya 3 yeni şəxsin adı əlavə edilib.

Məlumata görə, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

Qurumun açıqlamasına görə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Qeyd edək ki, adıçəkilən ümumi siyahı Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi