Yuxarı

​Azərbaycan iqtisadiyyatı cari ilin ilk rübündə 5 faizdən çox artıb

Qeyri-neft sektorunda isə təqribən 7 faiz artım qeydə alınıb

Bakı. 27 may. REPORT.AZ/ "Bu il neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız ötən dörd ayda beş faizdən çox, qeyri-neft sektorumuz təxminən yeddi faiz artıb. Qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun təxminən 70 faizini təşkil edir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun təxminən 70-75 faizini, bəlkə də daha çox təşkil edir. Xarici borc 10 faiz ətrafındadır. Yoxsulluq, işsizlik beş faiz səviyyəsindədir. Daha bundan artıq deməyə söz qalmır və ehtiyac da yoxdur".

"Report” xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul zamanı çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, "bütün bu müsbət inkişafın təməlində əlbəttə ki, bizim iqtisadi islahatlarımız, iqtisadi uğurlarımız dayanır. Mən bu barədə də kifayət qədər öz sözlərimi demişəm. Bütün iqtisadi göstəricilər ən müsbət mənzərə yaradır".

İlham Əliyev gələcəklə bağlı siyasətdən danışaraq qeyri-neft sektoru və sahibkarlığın inkişafının təmin ediləcəyini bildirib:

"Azərbaycanda dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin inkişafı, kənd təsərrüfatı istehsalının, ixrac potensialımızın artırılması daim diqqət mərkəzində olacaq.

Azərbaycanda indi sənayeləşmə prosesi gedir. Kənd təsərrüfatı da sürətlə inkişaf edir. Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Əsas hədəfimiz budur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik. Həmçinin güclü rəqabətqabiliyyətli ixrac potensialı da yaratmalıyıq. Çünki gələcəkdə kənd təsərrüfatımız ancaq ixrac hesabına sürətlə inkişaf edə bilər. Yaxın bir neçə il ərzində biz daxili tələbatı tam yerli istehsal hesabına təmin edəcəyik".

Prezident daha sonra nəqliyyat sektoruna toxunub. O nəqliyyatla bağlı gələcək planların artıq görülmüş işlər əsasında qurulduğunu bildirib:

"Ümid edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda işə düşəcək. Bu da dünya üçün çox əhəmiyyətli layihədir. Hazırda Azərbaycanda yeddi aeroport fəaliyyət göstərir, onlardan beşi beynəlxalq statusa malikdir. Xəzərdə ən böyük dəniz limanı yaradılır. Eyni zamanda, gəmiqayırma zavodu işə düşüb, vaqonqayırma zavodu tikilir. Yəni, Azərbaycan logistik və nəqliyyat mərkəzi kimi artıq dünya xəritəsində öz mövcudluğunu təsdiq edir. Gələcəkdə bu sahəyə qoyulacaq investisiyalar əlbəttə ki, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasına kömək göstərəcək. Şimal–Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycan ərazisindən keçir. Hər iki istiqamətdə çox fəal iş aparılır.

Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş vermişdir. Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilmişdir. Mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulmuşdur. İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi