​Azərbaycan investisiya bankçılığı xidmətlərinin tətbiqinə hazırlaşır

​Azərbaycan investisiya bankçılığı xidmətlərinin tətbiqinə hazırlaşır Bu, hazırda hökumətdə müzakirə edilən kapital bazarları haqqında qanunun qəbulundan sonra mümkün olacaq
Maliyyə
10 Dekabr , 2014 17:13
​Azərbaycan investisiya bankçılığı xidmətlərinin tətbiqinə hazırlaşır

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda kapital bazarları haqqında qanun qəbul olunduqdan sonra ölkədə investisiya bankçılığı xidmətləri göstərməyə imkan yaranacaq. “Report”un verdiyi xəbərə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı “Vergilər” qəzetinə müsahibəsində bildirib: “Kapital bazarları haqqında qanun layihəsi hazırlanıb və hazırda müzakirədədir. Müzakirələrin gedişi göstərir ki, yaxın vaxtlarda qanun layihəsi parlamentə təqdim oluna bilər. Qanun qəbul olunduqdan sonra Azərbaycanda investisiya bankçılığı xidmətləri göstərməyə imkan yaranacaq”.

R.Aslanlı bildirib ki, investisiya bankçılığı broker və diler fəaliyyətindən daha geniş fəaliyyətdir. Burada həm maliyyə, həm də yardımçı maliyyə xidmətlərinin təqdim olunmasına imkan yaranır: “Bu gün tez-tez reklamı ilə rastlaşdığımız FOREX xidmətləri əslində sırf investisiya bankçılığı xidmətləridir. Buna marja ticarəti deyirlər. Burada şəxslər özlərinə müəyyən risklər götürür, bu risklər üçün investisiya banklarından kreditlər alaraq bunun əsasında bazarda əməliyyatlar aparırlar”.

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda bu sektor ləng tənzimlənir və şəffaf maliyyə hesabatlılığına malik deyil, vergiyə cəlb oluna bilmir: "Çünki burada əməliyyatlar onlayn formada həyata keçirilir. İnvestisiya bankçılığı tək FOREX deyil, bu qəbildən olan xidmətlərdir. Yeni qanunda bunlar hamısı müvafiq qaydada tənzimlənəcək. Burada söhbət bu fəaliyyətin həyata keçirilməsində dünyada qəbul olunmuş fəaliyyət standartlarının müəyyən olunmasından gedir".

Həmçinin komitə sədri bildirib ki, 2015-ci ildən qiymətli kağızlar bazarında onlayn nəzarət sisteminin tətbiqinə başlanılması gözlənilir.

“Hazırda böyük bir prosesin astanasındayıq. Növbəti ildən ticarət, hesablaşma və nəzarət sistemi üzərində fəaliyyət göstərməyə başlayacağıq. Artıq proqram təminatının hazırlanmasına başlayırıq. Gələn ilin sonuna kimi bu proses başa çatacaq. Bu proqram təminatı imkan verəcək ki, kapital bazarlarında dünyada mövcud olan bütün maliyyə alətlərinin ticarətini onlayn rejimdə tətbiq edək. Proqram təminatında üçüncü bir modul kimi onlayn monitorinq modulunu qoymuşuq. Bu, bazarda mövcud ola biləcək sistem xarakterli riskləri vaxtında aşkar etmək üçün analitik təhlil sistemini formalaşdıracaq və imkan verəcək ki, risklərə vaxtında reaksiya verək”, - R.Aslanlı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi