Yuxarı

Azərbaycan I rübdə qızıl hasilatını 52% artırıb

Gümüş hasilatı isə azalıb

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-mart ayları ərzində 534,6 kq qızıl hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,0% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ölkədə gümüş hasilatında isə əksinə, azalma müşahidə edilib. Belə ki, gümüş hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,6% azalaraq 18,6 kq təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 2014-cü ildə 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi