Yuxarı

​Azərbaycan İpoteka Fondu daha 5 mln. manatlıq istiqraz satışa çıxarır

Hərrac noyabrın 2-də Bakı Fond Birjasında keçiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. AİF-dən "Report"a verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.

Məlumatda deyilir ki, istiqrazlar 100,9417 qiyməti ilə satışa çıxarılacaq və onları əldə etmək istəyən şəxslər Bakı Fond Birjasının üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi 2024-cü ilin 21 noyabrıdır. Təqdim edilmiş sifarişlərin təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəyi deyilir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat isə Azərbaycan Mərkəzi Bankıdır.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2014-cü ilin oktyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xatırladaq ki, bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-də başlanılıb və hərraclarda bu günədək 41 mln. manat həcmində istiqraz yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi