​Azərbaycan hökuməti elmin maliyyələşməsinin artırılması yollarını araşdırır

​Azərbaycan hökuməti elmin maliyyələşməsinin artırılması yollarını araşdırır Maliyyə naziri Samir Şərifov: "Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da, tam realdır"
Maliyyə
20 Noyabr , 2014 15:04
​Azərbaycan hökuməti elmin maliyyələşməsinin artırılması yollarını araşdırır

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda aqrar sahənin inkişafına hər zaman hökumət tərəfindən xüsusi diqqət yetirilir.

"Report"un məlumatına görə, parlamentdə 2015-ci il büdcə zərfi layihəsi ətrafında aparılan müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov millət vəkillərinin səsləndirdiyi təkliflərə cavab olaraq bildirib: "Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsindən əlavə 55 mln. manatın ayrılması nəzərdə tutulub".

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb və hazırda ipoteka kreditləşməsinin daha da genişləndirilməsi istiqamətində hökumətlə Mərkəzi Bank arasında əməkdaşlıq edilir: "Hesab edirəm ki, yaxın vaxtlarda əlavə təkliflər veriləcək".

"Yenə də təkrar edirəm ki, elmə ayrılan vəsait 143 mln. manat təşkil edir. Burada təşkilatların 6 mln. manat büdcədənkənar gəlir və xərcləri də nəzərə alınıb. Yəni elm üçün 137 mln. manatın ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu, 4 mln. manat çox deməkdir. Lakin bu büdcədənkənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələr tərəfindən büdcə sifarişləri təqdim olunarkən həmin büdcədən kənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində xeyli az məbləğlərdə vəsait daxil olur" - deyə, S.Şərifov bildirib.

Buna misal olaraq nazir qeyd edib ki, cari il üçün elm bölməsində büdcədənkənar vəsaitin həcmi 14,5 mln. manat proqnozlaşdırılır: "Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə, icra 400 min manat, 10 ay ərzində isə bu gəlirlər 1 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən bu məsələlərə baxaraq daxilolmaları azaltmışıq. Buna baxmayaraq, təklifləri nəzərə alaraq, elmə ayrılan vəsaitlərin artırılması yolları barədə düşünərik".

"Dövlət büdcəsində neftin qiyməti 90 dollar/barel təyin edilib. Büdcəmiz riskərin idarə edilməsi vəzifəsinə cavab verir. Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da, tam realdır" - deyə, S.Şərifov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi