Yuxarı

Azərbaycan Gömrük Xidmətinin təcrübəsi region ölkələrinə tövsiyə edilib

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-22-də Sinqapurda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsinin 15-ci iclası və Gömrük Əməkdaşlıq Komitəsi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Daşıyıcılar və Ekspeditorlar Assosiasiyaları Federasiyasının birgə iclası keçirilib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, tədbirdə Azərbaycanı DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasa Azərbaycanla yanaşı, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan gömrük xidmətlərinin rəhbər vəzifəli nümayəndələri qatılıblar.

Tədbiri Pakistanın Gəlirlər üzrə Federal Şurasının Tranzit Ticarəti üzrə Baş direktoru Javed Ghani açaraq iclasın işinə uğurlar arzulayıb. Sonra Ümumdünya Gömrük Təşkilatının nümayəndəsinin “Elektron gömrük” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda ticarətin təhlükəsizliyi, toplanılan məlumatların keyfiyyəti, işin səmərəliliyinin idarə olunması barədə ətraflı məlumat verilib.

İclasda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının 2015-2016-cı illər üzrə Ticarətə Yardım Layihəsi və bu ilin iyulunda keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı iştirakçısı olan ölkələrin yüksək vəzifəli şəxslərinin iclasının yekunlarına dair məlumat diqqətə çatdırılıb. Həmçinin gömrük xidmətlərinin ticarətə yardım layihələri çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin nailiyyətləri barədə məlumat verilib və Azərbaycan Gömrük Xidmətində gömrük prosedurlarının avtomatlaşdırılması və modernləşdirilməsi xüsusi qeyd edilib.

Bununla yanaşı, Asiya İnkişaf Bankının nümayəndəsi Lauro Vives gömrük işi sahəsində məlumat mübadiləsinə dair məruzəsində DGK-da innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidmətində informasiya texnologiyalarının yüksək templə inkişaf etdiyinin şahidi olduğunu diqqətə çatdırıb. O, Dövlət Gömrük Komitəsində istifadə olunan vahid avtomatlaşdırılmış idarəetmə sistemilə bağlı qabaqcıl təcrübədən region ölkələrinin gömrük xidmətlərinin istifadə etmələrini də tövsiyə edib.

Öz növbəsində, DGK sədrinin müavini Rza Həsənəliyev çıxış edərək Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində səmərəli fəaliyyət üçün təcrübə mübadiləsinin önəmli rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycan Gömrük Xidmətində son dövrlərdə aparılan islahatlara misal olaraq “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamına müvafiq olaraq, bəyannamələrin elektron formada qəbul edilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadəni qeyd edib.

Tədbirdə ticarətin sadələşdirilməsi üçün sərmayə və texniki yardım layihələrinə dair müzakirələrdə Qırğızıstan, Monqolustan, Pakistan və Tacikistan respublikalarının sərhəddə fəaliyyət göstərən xidmətlərin təkmilləşdirilməsi üzrə regional layihələr həyata keçirdiyi, Monqolustanın növbəti ildən “Ticarət üçün sanitar və fitosanitar tədbirlərin regional modernləşdirilməsi” layihəsini tətbiq edəcəyi qeyd olunub. İclasda “bir pəncərə” prinsipi əsasında regional qarşılıqlı fəaliyyət barədə məlumat verilib və bir sıra üzv ölkələrin milli “bir pəncərə” mexanizmlərini inkişaf etdirməyə ehtiyac duyduğu vurğulanaraq, bu işə Asiya İnkişaf Bankının sərmayələrilə dəstək göstərilməsinin mümkünlüyü qeyd olunub. Milli “bir pəncərə”nin məlumatların vahid şəkildə təqdim edilməsi, informasiyanın vahid və sinxron emalı, gömrük buraxılışı və rəsmiləşdirilməsi üçün vahid qərar verilməsi sisteminin mövcud olduğu qeyd edilib.

İclas zamanı həmçinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının iştirakçısı olan ölkələrdə regional tranzit və birgə gömrük nəzarəti mexanizmlərinə dair məsələlər müzakirə olunub. Məruzələrdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı regionunda əsas dəhlizlərin müəyyən olunması və onların tranzit daşımaları üçün istismar xüsusiyyətləri, mövcud tranzit daşımaları zamanı meydana çıxan əsas maneələrin müəyyən edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müvafiq iki və daha çox pilot dəhlizlərin sınaqdan keçirilməsi məsələlərinə toxunulub.

Tədbirdə ticarətə daha səmərəli yardım üçün dövlət və özəl sektor arasında gücləndirilmiş əməkdaşlığın zəruriliyi qeyd edilib və potensialın gücləndirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsi dəstəklənib. Eyni zamanda, tədbirdə Səlahiyyətli İqtisadi Operator fəaliyyətlərinin genişləndirilməsi və qarşılıqlı şəkildə tanınması, eləcə də yeni texniki yardım layihələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti gün, sentyabrın 22-də Gömrük Əməkdaşlıq Komitəsi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı Daşıyıcılar və Ekspeditorlar Assosiasiyaları Federasiyasının birgə iclasında isə malların buraxılış vaxtının ölçülməsinə dair təqdimat dinlənilib və dəhlizlərin səmərəliliyinin ölçülməsi və monitorinqi ilə bağlı hesabat təqdim edilib.

Bundan başqa, iclasda 2020-Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının strateji çərçivəsi nəzərdən keçirilib, həmçinin onun nəticələri və gələcək planlara dair fikir mübadiləsi aparılıb. İclas zamanı milli “bir pəncərə” layihələrinin regional miqyasda inteqrasiyası və ticarətin asanlaşdırılması təşəbbüslərinin həyata keçirilməsilə bağlı məsələlərə dair təqdimatlar da dinlənilib.

Səfər zamanı Rza Həsənəliyev Pakistan və Monqolustan gömrük xidmətlərinin rəhbərlərilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gömrük sahəsində qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi