Yuxarı

​Azərbaycan gələn il biznes kreditlərini ucuzlaşdıracaq

Bu il bankların əhaliyə əmanətlərə görə 500 mln. manat faiz ödəyəcəyi, kreditlərdən isə 430 mln. manat gəlir əldə edəcəyi gözlənilir

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kredit bazarında mövcud, xüsusən də biznes sektoru üçün faiz dərəcələrinin aşağı salınması məqsədilə gələcəkdə addımlar atmaq niyyətindədir. Hazırda bu istiqamətdə Maliyyə Nazirliyi ilə müzakirələr aparılır. "Report" xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2015-ci il büdcə zərfi layihəsinin müzakirəsi zamanı AMB sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir: "Bir sıra amilləri də hərəkətə gətirəcəyik və 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq".

Mərkəzi Bankın rəhbəri ölkədə kredit dərəcələrinin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib. Onun fikrincə, əmanətlər üzrə faiz dərəcəsinin və pula tələbatın yüksək olması nəticədə kredit faizlərinin yüksək olmasına gətirib çıxarır.

E.Rüstəmov bildirib ki, Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 2014-cü ildə 14,3% təşkil edir və kreditlərin təxminən 3/4 hissəsi kommersiya xarakterlidir: "Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Kreditlərin 1/4-ni təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür - təminatlı və təminatsız. Təminatlı kreditlər, məsələn, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xəttilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4% və 8%-dir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdiyi ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10%-dir".

AMB sədri həmçinin qeyd edib ki, bu gün ölkədə istehlak kreditləri üzrə faiz dərəcələri 35%-ə çatır: "Bu, tam təminatsız kreditlərdir. Yəqin ki, bir çox millət vəkilləri və iş adamları kredit kartlarından istifadə edirlər. Kartlarla verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı vəsaitə ehtiyac varsa, imzaladığınız müqaviləyə görə, qoyulan limitlər üzrə vəsaitinizi artıra bilərsiniz. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə, bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18%-ə çatır. Təbii ki, bu gün bankları müdafiə etmək fikrində deyiləm. Əmanətlər üzrə orta dərəcə təxminən 9,6%-dir. Bu, olduqca böyük bir rəqəmdir. Millət vəkilləri yəqin bilirlər ki, xarici ölkələrdə depozit faizləri və mərkəzi bankların uçot dərəcələri hansı səviyyədədir. Bizim əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur. 2014-cü ildə bankların əhaliyə ödəyəcəyi faiz gəlirləri 500 mln. manat təşkil edəcək. Bu, olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında olduqca mühüm rol oynayır. Bankların isə kreditlərdən əldə edəcəyi gəlirlər təxminən 420-430 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar bu gün əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər və bütövlükdə fəaliyyətlərindən götürdüyü gəlirlər bundan azdır".

"Bütövlükdə faiz dərəcələrinin aşağı salınması ilə bağlı ardıcıl tədbirlər görürük. 2003-cü ildən 2014-cü ilə qədər AMB-nin uçot dərəcəsi təxminən 15%-dən 3,25%-ə enib. İqtisadiyyatın pulla təminatı səviyyəsini artırmaq üçün ciddi addımlar atılır. Bu dövrdə AMB tərəfindən iqtisadiyyata yönələn vəsaitin həcmi 34 dəfə artıb. İqtisadiyyatın monetizasiyası göstəricisi, yəni iqtisadiyyatın pul kütləsinə olan nisbəti 23%-dən 70%-ə qədər artıb. Etiraf etmək lazımdır ki, bu gün pula, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Tələbat böyük olanda isə qiymətlər də yüksək olur" - deyə, baş bankir əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi