​Azərbaycan gələn il müdafiə xərclərini 3% artıracaq

​Azərbaycan gələn il müdafiə xərclərini 3% artıracaq Müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə məsrəflərinin 18%-ni təşkil edəcək
Maliyyə
18 Noyabr , 2014 14:03
​Azərbaycan gələn il müdafiə xərclərini 3% artıracaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə məsrəflərinin 17,9%-ni təşkil edəcək. “Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov gələn ilin büdcə zərfinin müzakirəsinə olunan parlamentin bugünkü plenar iclasında çıxışı zaman deyib.

Onun sözlərinə görə, 2015-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 2014-cü ilin proqnoz göstəricisindən 3,1% çox olacaq. Bura xüsusi təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrdə nəzərdə tutulmuş xərclər də daxildir.

Nazir həmçinin qeyd edib ki, dövlət büdcəsində əsaslı xərclər üçün 9,366 mlrd. manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il üçün ipoteka kreditləri üçün 50 mln. manat vəsait ayrılır ki, bu da cari illə müqayisədə 10 mln. manat və ya 25% çoxdur.

Layihədə büdcə kəsiri 1,662 mlrd. manat həcmində və ya ÜDM-ə nisbətən 2,8% səviyyəsində nəzərdə tutulur ki, bu da 2014-cü illə müqayisədə 17,0 mln. manat və ya 1% azdır. Büdcə kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsi, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində gəlirlər ÜDM-in 35,5%-i həcmində olmaqla 19,438 mlrd. manat, xərclər isə ÜDM-in 35,3%-ni təşkil etməklə 21,100 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə gələn il büdcə gəlirlərinin 5,7%, xərclərin isə 5,2% artacağı proqnozlaşdırılır.

Bununla yanaşı, 2015-ci il icmal büdcəsinin gəlirləri 20 716,8 mln. manat, xərcləri 25 911 mln. manat həcmində proqnozlaşdırılır. Bu ilin proqnozları olə müqayisədə icmal büdcənin gəlirləri 5,8% az, xərcləri isə 6% çox nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi