Yuxarı
    Bağlamaq

    Azərbaycan gələn il istehlak kreditləşməsinə nəzarəti davam etdirəcək

    AMB: Zəruri hallarda restrukturizasiya istiqamətində tədbirlər görüləcək

    Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə əməliyyat riskləri üzrə tənzimləmə çərçivəsinin yaradılması və əməliyyat risklərinin kapital adekvatlığının hesablanmasında nəzərə alınması nəzərdə tutulur. Bununla yanaşı, bank sistemində konsolidasiya prosesləri davam etdiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

    Bəyanata əsasən, sistem əhəmiyyətli bankların risk profilinə uyğun nəzarət çərçivəsinin seçilməsi diqqətdə saxlanılacaq, zəruri hallarda restrukturizasiya istiqamətində tədbirlər görüləcək. Banklarda risklərin idarə edilməsi üzrə daxili potensialın yüksəldilməsi üçün korporativ idarəetmə standartlarının kompleks tətbiqi, idarəetmənin keyfiyyətinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblərin yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

    "Mərkəzi Bank 2015-ci ildə də bank sektorunun potensial risklərə qarşı dayanıqlığının yüksəldilməsinə, risklərin preventiv rejimdə məhdudlaşdırılmasına yönəldilmiş fəaliyyətini davam etdirəcək. Bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi Bazel III prinsipləri, habelə bank fəaliyyətinin yerli mühitinin xüsusiyyətləri nəzərə alınmaqla davam etdiriləcək. Risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin həyata keçirilməsinə imkan verən siyasət modelinin qurulması, hər bir risk növünün prudensial tələblərlə əhatəsi üzrə işlər davam etdiriləcək. Sektorun aktivlərinin keyfiyyətinin qorunması üçün bankların təmkinli kredit fəallığı və kredit portfelinin strukturunun yenidən balanslaşdırılması təmin olunacaq. Kredit qoyuluşlarının dinamikasının iqtisadi inkişaf strategiyası ilə uzlaşmasını təmin etmək üçün istehlak kreditləri üzrə artımın tənzimlənməsi davam etdiriləcək. Banklarda "məsuliyyətli kreditləşmə" fəlsəfəsinin tətbiqi inkişaf etdiriləcək, girovların realizasiyası mexanizminin təkmilləşdirilməsinə dair yeni təşəbbüslər göstəriləcək. Bank sektorunda riskli artımın qarşısını almaq üçün növbəti ildə də yeni prudensial nəzarət alətlərinin tətbiqi imkanları araşdırılacaq", - AMB-nin bəyanatında qeyd olunub.

    Sənəddə vurğulanıb ki, istehlak kreditlərində mövcud dinamikanı və potensial riskləri nəzərə alaraq cari ildə bir sıra tənzimləmə tədbirləri görülüb. Nəticədə istehlak kreditlərinin artım tempi əvvəlki illə müqayisədə 1,9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 11%-ə enib, avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb. Azərbaycanda istehlak kreditlərinin kredit portfelində payı Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) üzrə ölkələrin orta göstəricisindən aşağıdır. İnkişaf etmiş ölkələrdə isə istehlak kreditlərinin portfeldə payı 50% və daha yuxarıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi