Azərbaycan əhalisinin gəlirlərinin artacağı proqnozlaşdırılır

Azərbaycan əhalisinin gəlirlərinin artacağı proqnozlaşdırılır Gələn il idxalın həcmi 7%, ixrac isə 8% azalacaq
Maliyyə
14 Sentyabr , 2015 18:21
Azərbaycan əhalisinin gəlirlərinin artacağı proqnozlaşdırılır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda əhalinin gəlirlərinin 2015-ci ilin gözlənilən göstəricilərinə nisbətən 1,2% artaraq 43,8 mlrd. manat, xərclərinin isə 0,6% artaraq 34,4 mlrd. manat olacağı proqnozlaşdırılır. "Report" bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.

Proqnoza əsasən, 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM 41,5 mlrd. manat və yaxud cari ilə nisbətən 3,4% real artımla proqnozlaşdırılıb. Neft sektorunda isə ÜDM 16,3 mlrd. manat və yaxud 1,7% azalma ilə proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 10,8 faiz bəndi, 2015-ci ilin gözləntilərinə nisbətən 3 faiz bəndi çoxdur. Özəl sektorun ÜDM-də payı 82,2% həcmində nəzərdə tutulur.

Gələn il əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-i daxili investisiylar, 42,2%-i xarici investisiyaların payına düşür. Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, 2016-cı ildə ölkədən 15,8 mlrd. dollar həcmində mal ixracı proqnozlaşdırlır ki, bu da 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44,0% az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 1,5 mlrd. dollar və ya 8,1% azdır.

Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, bunun da 6,8 mlrd. dolları və yaxud 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və yaxud da 11,8% az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,6 mlrd. dollar və ya 6,8% az olacaq. 

Son xəbərlər

Orphus sistemi