​Azərbaycan əhalisi şəxsi investisiyalarını 17% artırıb

​Azərbaycan əhalisi şəxsi investisiyalarını 17% artırıb Bank kreditləri hesabına aparılan sərmayə qoyuluşları isə son bir ildə 31% azalıb
Maliyyə
19 Noyabr , 2014 12:48
​Azərbaycan əhalisi şəxsi investisiyalarını 17% artırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsaslı investisiyaların ümumi həcmi 13,220 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 0,6% çoxdur. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Müqayisə üçün bildirək ki, yanvar-sentyabr aylarında əsaslı investisiyaların artım tempi cəmi 0,2% olub. Yəni son bir ayda kiçik da olsa, artım müşahidə olunur.

"Report"un analitik qrupu qeyd edir ki, ötən illər ərzində investisiyaların artım tempi müqayisə olunmaz səviyyədə yüksək olub. Məsələn, ötən ilin yanvar-oktyabrında bu göstərici 17%-ə yaxın olub. Artım tempinin azalması və onun sıfıra yaxın olmasının ilk və əsas səbəbi dövlət büdcəsi hesabına investisiyaların azalmasıdır. Belə ki, bu mənbədən olan investisiyaların həcmi 4,963 mlrd. manat təşkil edib və burada illik müqayisədə 20,6% azalma müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, ötən ilin 10 ayında büdcə vəsaitləri hesabına investisiyalar üzrə 21,9% artım müşahidə olunub.

Göründüyü kimi, büdcə vəsaitləri əsaslı investisiyaların tərkibində ikinci əsas yeri tutur və onun payı 37,5% təşkil edib. Birinci yerdə isə müəssisə və təşkilatların öz investisiyalarıdır və onların həcmi 7,015 mlrd. manata (xüsusi çəkisi – 53,1%) bərabər olub. Qeyd edək ki, bu mənbədən olan investisiyalar son bir ildə 32,4% artıb. Bundan əlavə, 449,3 mln. manat bank kreditləri hesabına həyata keçirilən investisiyalar, 437,2 mln. manat əhalinin şəxsi vəsaitləri hesabına investisiyalar, 289,4 mln. manat büdcədənkənar fondların vəsaitləri və 65,9 mln. manat sair mənbələrdən investisiyaların payına düşüb. Burada ilk növbədə bank kreditləri hesabına aparılan investisiyaların 31,4%-lik azaldığını və əhalinin şəxsi vəsaitləri hesabına investisiyaların 17,1% artmasını vurğulamaq lazımdır. Nəticədə investisiyalarda struktur dəyişiklikləri baş verib:

2013-cü il, yanvar-oktyabr (%)

2014-cü il, yanvar-oktyabr (%)

"Report"un ekspertləri hesab edirlər ki, bu dəyişikliklər iqtisadiyyatda kənar investisiyaların rolunun daha da azaldığını göstərir. Belə ki, bir il əvvəl kənar investisiyaların (büdcə və büdcədənkənar fondların vəsaitləri bura aid edilmir) payı 6,0% təşkil edirdisə, bu il həmin göstərici 4,1%-ə düşüb. Beləliklə, demək olar ki, özəl sektor çox kiçik həcmdə kənar investisiyalar cəlb edə bilir.

Son xəbərlər

Orphus sistemi