Yuxarı

Azərbaycan EBRD-nin Londonda keçirilən illik toplantısında iştirak edir

İqtisadiyyat Nazirliyi, Paşa Bank, Azpromo, Azərbaycan İnvestisiya Şirkəti və s. qurumların nümayəndələri forumda çıxış ediblər

Bakı. 11 may.REPORT.AZ/ Bu gün Londonda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Direktorlar Şurasının 25-ci illik iclası, habelə eyni vaxta təsadüf edən beynəlxalq işgüzar forum açıq elan edilib. Bu il işgüzar forumun bütün tədbirləri “Növbəti 25 il üçün dəyişiklikləri müəyyən edirik” adı altında keçirilir. Bu tədbirlərdə qısa və ortamüddətli perspektivdə EBRD-nin fəaliyyət göstərdiyi regionun üzləşə biləcəyi risklər və problemlər, dayanıqlı inkişaf, enerjidən səmərəli istifadənin təmin edilməsi, özəl sektorun inkişaf etdirilməsi və digər bu kimi məsələlərin müzakirə edilməsi gözlənilir.

Ənənəyə uyğun olaraq, işgüzar forum çərçivəsində region ölkələrinə həsr olunan xüsusi iclaslar təşkil olunub. Bu iclasları keçirməkdə əsas məqsəd həmin dövlətlərin iqtisadi potensialını və sərmayə imkanlarını xarici tərəfdaşlara nümayiş etdirməkdir. Biznes fəaliyyət üçün əlverişli imkanlar haqqında müfəssəl məlumatın təqdim edilməsi ilə yanaşı, bu iclaslar çərçivəsində dövlət idarələrinin, maliyyə qurumlarının məruzəçilərinin və işgüzar dairələrin digər nümayəndələrinin iştirakı ilə fəal müzakirələr keçirilir.

"Report"un "Paşa Bank" ASC-yə istinadən verdiyi xəbərə görə, bu il birinci iclas Azərbaycanda işgüzar mühitə və onun inkişaf etdirilməsi imkanlarına həsr olunub. Ölkənin İqtisadiyyat Nazirliyi, "Paşa Bank", Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan İnvestisiya Şirkəti, "Holcim" şirkəti və s. kimi dövlət strukturları və özəl təşkilatların nümayəndələri bu tədbirdə çıxış ediblər.

Qeyd edək ki, hər il EBRD-nin işgüzar forumunda 65-dən çox ölkədən olan müxtəlif dövlət və özəl strukturların 2 000 nəfərdən çox nümayəndəsi iştirak edir. Forum sabah, mayın 12-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi